Mətbuat şərhi 26 fevral 2026

Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Qaranlıqdan işığa” adlı sərgi və rekviyem konserti keçirilib. Tədbir Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi tərəfindən təşkil edilib.

 

Anım gecəsində ABŞ-də akkreditə olunmuş bir sıra ölkələrin səfirləri, diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Tədbir çərçivəsində görkəmli azərbaycanlı rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş “Xocalı fəryadı” adlı sərgisi nümayiş etdirilib. Ekspozisiyada 1992-ci ilin fevral hadisələrinin doğurduğu ağrı, faciə və insan iztirablarını əks etdirən əsərlər yer alıb. Rəssam bu kolleksiya üzərində on il ərzində çalışaraq onu həm yaradıcılıq axtarışının, həm də vətəndaşlıq mövqeyinin ifadəsi kimi təqdim edib.

 

Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim çıxışında tarixi yaddaşın qorunmasının əhəmiyyətini vurğulayıb. Səfir bildirib ki, tarixin faciəli səhifələri yalnız xatırlanmalı deyil, eyni zamanda gələcək nəsillər üçün məsuliyyət mənbəyi kimi dərk olunmalıdır.

 

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri, ictimai xadim Dadaş Məmmədov “Xocalı fəryadı” kolleksiyasının yaranma tarixindən bəhs edərək rəssamın keçdiyi dərin emosional və yaradıcılıq yoluna diqqət çəkib. O qeyd edib ki, 40-dan çox əsərdən ibarət silsilə ilk dəfə 2002-ci ildə - faciənin 10-cu ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunub. Daha sonra kolleksiya tam şəkildə muzeyə bağışlanıb və hazırda onun fondunda qorunur. Vaşinqtonda isə kolleksiyanın yalnız kiçik hissəsi reproduksiyalar şəklində nümayiş etdirilib.

 

Rəsmi çıxışlardan sonra azərbaycanlı bəstəkar və pianoçu Turan Manafzadənin konsert proqramı təqdim olub. Proqrama xatirə, kədər və mənəvi güc mövzularını əks etdirən əsərlər daxil edilib. Konsert zamanı zalda Konstantin Meldyaşevin “Xocalı” adlı  videoinstalyasiyası nümayiş etdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti